2020-ci ilin 27 sentyabrında başlanan və 10 noyabr tarixinə kimi davam edən Vətən müharibəsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı.
Qarabağın baş tacı olan Şuşa şəhərinin əsası XVIII əsrin ortalarında, 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur. Tarixçilərin verdiyi məlumata görə Rus imperiyası dövründə Dağlıq Qarabağın demoqrafiyasını dəyişmək məqsədilə 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 84 min erməni əhalisi köçürülmüşdür.
Qarabağ tarixini araşdıran tarixçilər yazır ki, Şuşa şəhərinin dəniz səviyyəsindən 1300-1600 m hündürlükdə yerləşməsi, eyni zamanda üç tərəfdən sıldırım qayalarla əhatə olunması, strateji cəhətdən çox əhəmiyyətlidir.
Pənahəli xan aramsız hücumlardan qorunmaq üçün 1750-ci ildə Bayat və Şahbulaq adlı qalalar tikdirsə də, bu qalalardan heç biri vasitəsiz müharibələrdən xanlığı qoruya bilmir.
Beləliklə Pənahəli xan müdafiə məqsədi ilə yeni bir qalanı- Şuşa qalasını tikdirir. Belə bir alınmaz qala olan Şuşanı Ağa Məhəmməd xan Qacar 33 gün mühasirədə saxlasa da ala bilməyib geri çəkilmişdir (1795).
“Xatın arxı”, “Bayat savaşı”kimi döyüşlərdə Qarabağ xanlığının qəhrəmancasına müdafiə olunması faktını təsdiqləyir.
Vətən müharibəsi dövründə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsində Qarabağımız işğaldan azad olundu. 30 illik həsrət bitdi. Ölkə prezidenti xarici mediya nümayəndələrinə verdiyi müsahibələrin birində bu epizodu belə xatırlamışdı:
,, Paşinyan Şuşada –Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bugün baş verənlər barəsində hökm imzalamışdı”.
Eyni zamanda 21 may 2020-ci ildə Şuşada separatçı Qasparyanın andiçmə mərasiminin keçirilməsi, Azərbaycan xalqının kəskin etirazına səbəb olmuşdu. Paytaxtdan 373 km aralıda yerləşən Şuşa şəhəri 1992-ci il 8 mayda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində 195 nəfər həlak olmuş, 165 nəfər yaralanmış, 55 nəfər əsir və ya girov götürülüb. 22 minə yaxın insan məcburi köçkün düşmüşdür. İşğal nəticəsində mənfur düşmənlər Azərbaycan tarixinin izlərini silmək məqsədilə 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənah xanın sarayını, Yuxarı və aşağı Gövhər Ağa məscidini, Xurşidbanu Natəvanın evini, Şuşa Tarix muzeyi, Azərbaycan Xalça muzeylərini dağıtmaqla həmdə qarət etmişdir. Ümumiyyətlə 1905,1920, 1992-ci illərdə Şuşa şəhəri 3 dəfə tamamilə yandırılmışdır. Şəhərdə 17 məhəllə, hər məhəllənin hamam, məscid və bulaqları var idi.
Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir: ,, Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur.”Ulu öndərin layiqli davamçısı İlham Əliyev isə belə demişdir: ,, Şuşa təkcə Şuşalılar üçün yox, bütöv azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhər, əziz bir torpaq, əziz bir qala və abidədir. ”44 günlük müharibə dövründə Ali Baş Komandanımız ,, əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq qalar”ifadəsi ilə ermənilərə və onların havadarlarına bir mesaj verdi.
Torpaqlarımızın azadlığı, vətənimizin bütövlüyü uğrunda gedən müharibədə ölkə başçısının uğurlu siyasəti nəticəsində Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artdı. Müzəffər ordumuzun gücü, müasir hərbi texnikalardan istifadə, peşəkar ordu hazırlığı, türk qardaşlığımızın birliyi, bir sözlə “Dəmir Yumruq” əməliyyatı torpaqlarımızın işğaldan azad edilməsini təmin etdi. Bu yolda itkilərimiz, şəhid və qazilərimiz oldu. Şəhidlərimizinruhu qarşisinda baş əyir,qazilərimizə allahdan şəfa diləyirik. İndi biz tarixi, əzəli və əbədi torpaqlarımızın tam sahibiyik.
Birinci Qarabağ müharibəsində qətlə yetirilən günahsız insanların, eləcə də Xocalı soyqırımını törədən erməni cəlladlarının qisası alındı. 2020 -ci il noyabrın 4-dən 8-nə qədər davam edən Şuşanın azadlığı uğrunda gedən döyüşlərin rəhbərlərindən biri olan Azərbaycan Silahlı Qüvvələrinin Polkovniki ,, Ləzgi qartalı” Tehran Mənsimov və onun tabeliyində olan Xüsusi Təyinatlıların uğurlu Şuşa əməliyyatı uşaqdan böyüyə hər bir azərbaycanlının hədsiz sevincinə səbəb oldu. 10 dekabr 2020- ci ildə paytaxt Bakıda keçirilən Zəfər paradında Vətən müharibəsinin qəhrəmanı Xüsusi Təyinatlıların Komandanı General- Leytenant Hikmət Mirzəyevin iştirakı düşmənin zəfər paradında nümayiş etdirilən hərbi texnikası, eyni zamanda Türk Respublikasının prezidenti Rəcəb Tayyip Ərdoğanın söylədiyi nitq qürurverici görüntülərlə yadda qaldı.
8 noyabr 2020 -ci il Şuşanın azad edilməsi xəbərini ölkə prezidenti xalqa belə bildirdi:
Əziz Şuşa sən azadsan! Əziz Şuşa,biz qayıtmışıq!
Əziz Şuşa biz səni dirçəldəcəyik!
Bu il Vətən bağında xarı bülbül çiçəyini Qarabaglılar doyunca qoxlayacaq. Eşq olsun Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə! Eşq olsun Müzəffər Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Qasımalılar kənd tam orta məktəbin tarix müəllimi: Ələsgərova Şəhla Eyvaz qızı.