“Rus dili müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması” adlı layihənin növbəti təlimi keçirilib. “Rus dilinin məktəbdə xarici dil kimi tədrisi” adlı təlimdə təlimçi Naibə Kərimli müəllimlərə təcrübələrindən danışıb.
“Rus dili müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması” adlı layihənin əsas məqsədi Şəmkir rayonunda fəaliyyət göstərən rus dili müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması, onların müasir təlim texnologiyaları, təlimdə müasir yanaşmalar, pedaqoji prosesin motivasiya və idarəetmə üsulları, qiymətləndirmə vasitələri və informasiya kommunikasiya texnologiyalarının imkanları ilə yaxından tanış olmaları, həmçinin mövcud imkanlardan faydalanaraq şagirdlərdə rus dilinə marağın artırılması və bu yolla şagirdlərin dil biliklərinin günün tələblərinə uyğun səviyyədə formalaşmasına nail olmaqdır.
Layihə çərçivəsində müəllimlər “Rus dilinin tədrisində kurikulumun tətbiqi”, “Rus dilinin tədrisində İKT vasitələrindən, Microsoft Ofis proqramlarından, Veb alətlərdən və digər elektron təhsil resurslarından istifadə”, “Rus dilinin məktəbdə xarici dil kimi tədrisi”, “Rus dili dərslərində interaktiv dərslərin təşkili”, “Rus dilinin öyrənilməsində şagirdlərin motivasiya edilməsi üsulları” adlı müxtəlif fəaliyyətlərə (təlim, seminar və mentorluq) cəlb olunurlar.
Qeyd edək ki, layihə müddəti 3 aydır.