Şəmkir Gənc Müəllimlər Birliyi (GMB) Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçilyi ilə həyata keçirilən yeni layihəyə qoşulub. Layihə Şərq Tətəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramının Azərbaycan-Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində icra olunur.
“Yaşam dəyərləri vasitəsilə gənclərin imkanların genişləndirilməsi” adlı layihə “Gürcüstan Azərbaycanlıları Qadınları İttifaqı” (Gürcüstan), “Təmas” RİİB, “Mülki İnteqrasiya və Milliyyətlərarası Münasibətlər Mərkəzi”nin (Gürcüstan) və GMB – nin təşkilatçılığı ilə birgə həyata keçiriləcək.
Layihənin əsas məqsədi müsbət sosial dəyişikliklər və mənalı əməkdaşlıq üçün Gürcüstan və Azərbaycanın sərhədyanı bölgələrində yaşayan gənclərin imkanlarının genişləndirilməsidir. Layihə çərçivəsində sərhəd rayonlarının gəncləri arasında sosial və ictimai inkişaf, mədəni və idman mübadiləsi üçün qovşaq rolu oynayacaq Yaşam Dəyərləri məktəb əsaslı mərkəzlərin yaradılması, təhsilə və sosial həyata mənalı inteqrasiya üçün 20 yerli məktəb icmasının hazırlanması, yerli məktəb icmaları arasında davamlı, səmərəli əməkdaşlığı və dostluğu inkişaf etdirən, ümumi yaşam dəyərlərinə əsaslanan tədbirlərin reallaşdırılması nəzərdə tutulub.
Şəmkir rayonu üzrə Şiştəpə, Qasım İsmayılov kənd və Peşə məktəbi olmaqla üç ümumi təhsil müəssisəsi layihədə təmsil olunacaq.
Layihə çərcivəsində ilkin olaraq məktəblərdə məlumatlandırma ssesiyaları keçirilib. Məlumatlandırma sessiyalarında Gəncə, Samux, Göygöl və Şəmkir təhsil şöbələrinin nümayəndələri, məktəb icmaları, məzunlar, məktəblilər və müxtəlif ali və orta təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Görüşlərdə layihə, onun məqsəd və vəzifələri haqqında geniş izahat verilib.
Qeyd olunub ki, BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilatı (UNESCO) dünyanın hər bölgəsində, istənilən ölkə və insan üçün ümumi olan 13 həyati dəyər müəyyən edib. Layihədən yararlanan şəxslər məhz bu 13 dəyərə əsaslanan fəaliyyətlər vasitəsi ilə əməkdaşlıq, dostluq edəcək, maraqlı fərqli istiqamətlər üzrə münasibətləri dərinləşdirəcəklər. Layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramlarına uyğundur və regionda bu məqsədlərin inkişafına xidmət edəcək.