Aprelin 26-da Sərdar Məmmədov adına Zəyəm-Cırdaxan kənd tam orta məktəbinin bir qrup şagirdləri məktəb rəhbərliyinin təşkilatçılığı ilə “Qədim Şəmkir Qala Şəhəri” tarixi abidəsinə ekskursiya ediblər.
Tədris planına uyğun olaraq həyata keçirilən ekskurisiyanın məqsədi şagirdlərə Azərbaycan tarixi fənninin tədrisində tarixi keçmişimizə hörmət, adət-ənənələrimizə məhəbbət ruhunda tərbiyə olunmasını aşılamaq, onlara Şəmkir şəhərinin tarixi haqqında əyani məlumat verə bilməkdir.
Ekskursiya zamanı şagirdlərə “Qədim Şəmkir Qala Şəhəri” haqqında məlumat verən məktəbin tarix müəllimi Ruslan İbrahimov bildirib ki, Şəmkir rayonunun Muxtariyyə kəndində yerləşən VI əsrdə böyük şəhərə çevrilən “Orta Əsr Qədim Şəmkir Qala Şəhəri” 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitunun ərazidə apardığı arxeoji qazıntılar zamanı tapılıb. Şəhər qalıqları 30 hektar ərazini əhatə edir. Qalanın düşməndən qorunmaq üçün 8 qülləsi və 4 qapısı olub. Saray Əhəməni dövlətinin vaxtında inşa olunub. Qədim qala divarları aran memarlıq üslubunda işlənib. Divarın hündürlüyü 7 metr eni isə təxminən 2 metrdir. Divarın tikintisində istifadə olunan qırmızı kərpiclər elə bu yerdəcə kustar üsulla hazırlanıb. Digər ağ daşlar və çay daşları Şəmkir ərazindən və Şəmkir çayından toplanıb. Qala Ərəb, Bizans, Hülakü və Atabəylərdən sonra Rusların hücumuna məruz qalıb. Qazıntılar zamanı rusların burada yaratdığı “Hərbi Qarnizon”un qalıqları, yaşayış evləri və onlara məxsus pul vahidləri də aşkarlanıb.
Ekskursiyanın sonunda məktəblilər qədim qala şəhəri qarşısında xatirə şəkli çəkdiriblər.