19.10.2017

Müəllimi kimi olan müəllim - Nərmin Məmmədli

 Yeni tədris ilində Şəmkir rayon Əliyaqublu kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayan Nərmin Məmmədli Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə 51 bal toplayıb.

Coğrafiya müəllimi Nərmin Məmmədlini tanıyaq.

-Nərmin müəllim, zəhmət olmasa özünüzü təqdim edin.

-Mən Məmmədli Nərmin Ədalət qızı 1995-ci ildə Şəmkir şəhərində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya müəllimliyi ixtisasına qəbul olmuşam. 2017-ci ildə həmin təhsil müəssisəsinin başa vurub, Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanında iştirak edib, müəllim adını qazanmışam.

-Nə üçün müəllimlik peşəsini seçmisiniz?

-Müəllimlik peşəsinə olan marağım 6-cı sinifdə oxuyarkən başladı. Həmin vaxt məktəbimizə gənc coğrafiya müəllimi gəlmişdi. Adı Leyla müəllimə idi, 22 yaşı varıydı. Gənc olmasına baxmayaraq çox təcrübəli və əsl pedaqoq kimi uşaqlarla işləməyi, bizdə dərsə həvəsi artırmağı çox yaxşı bacarırdı. Hər zaman Leyla müəllimə baxanda gələcəkdə özümü onun yerində görmək istəyirdim. Evcik-evcik oynayan qızlar həmişə özlərini analarının yerində təsəvvür edirlər. Mənsə həmişə özümü Leyla müəllim kimi aparırdım, sanki onun yerində idim. Buna görə də coğrafiyaya maraq hardandı soruşanda ilk ağlıma Leyla müəllim gəlir. Yaxınlarım, ailəm həmişə mənə “Səndən yaxşı müəllim olar” deyirdilər. Sonradan bu istək yetkin qızın real arzusuna çevrildi və mən ali təhsilimi hazırlaşdığım və arzusunda olduğum - Coğrafiya müəllimliyi ixtisası üzrə oxudum. İndi çox yaxşı başa düşürəm ki, bu seçim uşaqlıq arzusu deyil, həm də düzgün verilmiş bir qərardır. Elə buna görə də ixtisas seçərkən müəllimliyi seçdim.

-Bu sizin ilk pedaqoji fəaliyyətinizdir? Şagirdlərlə işləmək sizə çətin deyil?

-Xeyr, əksinə şagidlərimlə işləmək mənə zövq verir. Əvvəl onlarla işləmək çətin ola bilər, gərək səbrli və həvəslə öhdəsindən gələsən.Bacardıqca dərsdə interaktiv üsullardan və həvəsləndirmələrdən istifadə edərək uşaqlarda dərsə maraq yarada bilirəm. Əsas olan şagirdin istəyini təmin edə bilməkdir. Şagirdlərimi həvəsləndirmək üçün dərsdə üzərlərində “Sinfin ən yaxşı oxuyanı” yazılmış xüsusi boyun asılqanları hazırlamışam. İki və ya üç dərs ardı-ardına ən yaxşı cavab verən şagirdlərimi bu cür mükafatlandırıram.

-MİQ imtahanında 51 bal toplayıbsınız, bildiyiniz kimi bu kənd məktəbi üçün yüksək nəticədir. Belə uğurlu nəticə əldə etməyinizi necə izah edərsiniz?

-İstək, həvəs və çalışmaq-bunlara əməl etsəz daha yüksək və davamlı nailiyyətlər əldə etmək olar. Kənd məktəbləri şəhər məktəblərindən heç nəyi ilə geri qalmır, sadəcə məkan fərqi var vəssalam. Bunu əyani özünüz də görə bilərsiz. Mən buranı çox sevdim, hələ uzun müddət burada işləməyi düşünürəm.  

-Şagirdlərin sizin tədris etdiyiniz dərsə marağı necədir?

-Şagirdlərim dərsə maraqla yanaşır, amma danılmaz fakt budur ki, bəzən içərilərində dərsə az meyilli və çətin tərbiyə olunan uşaqlar da olur. Dərslərdə hər bir şagirdin iştirakını təmin etmək üçün qruplar şəklində oyunlar, yarışlar təşkil edirəm. Düşünürəm ki, bəzən ənənəvi üsullar işə yarayır.

-Sonda müəllim olmaq istəyən şəxslərə tövsiyəniz nələrdir?

-Peşələrini sevsinlər, müəllimlik haqqında daha çox öyrənsinlər. Bacardıqca müəllimlər üçün keçirilən təlimlərdə iştirak etsinlər. Özlərini sırf müəllim kimi hazırlasınlar. Uşaqları sevsinlər, təmkinli olsunlar və işlərinə həvəslə yanaşsınlar. Unutmasınlar ki, onlar cəmiyyət üçün bir nümunədirlər.

Birdə onu deyim ki, hazırda müəllim olmaq üçün sadəcə istəmək və üzərində çalışmaq kifayət edir. Bunun üçün Təhsil Nazirliyi tərəfindən birbaşa nəzarət olunaraq həyata keçirilən müəllimlərin işə qəbulu imtahanında iştirak edib, savadınızı nümayiş etdirmək kifayətdir. Prosessin elektron qaydada və şəffaf keçirilməsi, əlavə olaraq tək-tək götürülən müsahibələr gələcəyin memarı olan müəllimlər və onların savadına verilən dəyərin göstəricisidir. Yaradılmış şəraitə görə Təhsil Nazirliyinə gənc müəllim olaraq minnətdaram. 


Açar sözlər: ,