10.05.2017

"Müəllim pedaqoq olmaqla yanaşı, həm də müəyyən mənada psixoloqdur"

Mayın 10-nu dünyada “Beynəlxalq Psixoloqlar Günü” kimi qeyd olunur. Müsahibimiz Gənc Müəllimlər Birliyinin üzvü, Şəmkir rayon Xanallar kənd Faiq Ələkbərov adına tam orta məktəbin psixoloqu Tərlan  Muxtarovadır.

Tərlan Muxtarova dəfələrlə Bakıda keçirilən beynəlxalq konfranslarda iştirak etmiş və kənd məktəbliləri üçün müxtəlif mövzularda seminarlar təşkil edib. Peşəsini layiqincə təmsil edən məktəb psixoloqumuzdan aldığımız müsahibəni sizə təqdim edirik.

-Psixoloqla məktəb psixoloqu arasındakı fərq nədən ibarətdir?

-Məktəb psixoloqu digərlərindən fərqli olaraq həm də təhsil işçisi hesab olunur.  Məktəb psixoloqunun işinin əsas qayəsi fərdi yanaşma əsasında problemin həllinə nail olmaq üçün psixoloji üsul və vasitələri sərbəst həyata keçirməyi bacarmaqdır.

-Məktəblilərlə işləməyin yaxşı və çətin tərəfləri hansılardır?

-Yaxşı tərəfi  odur ki, biz yeni gələn uşaqlara Bankovun testini tədbiq edir, onlara rəy yazaraq onlarla fərdi və ya qrup şəkilində məşğul oluruq. Məktəblilərə peşəyönümdə istiqamət verir, çətin tərbiyə olunan uşaqlarla fərdi iş aparırıq. Şagirdlərin adaptasiyası məqsədi ilə korreksiya işi görüb, xüsusi qabiliyyəti olan şagirdləri aşkar edirik. Bütün bunlar məktəblilərin gələcəkdə şəxsiyyət kimi formalaşması  üçün biz psixoloqların gördüyü işlərin yaxşı tərəfidir. Çətin tərəfi isə kənardan gələn və üzərində işlənilməyən  şagirdin psixi inkişafında baş verən bu və ya digər qüsuru aradan qaldırmaq əvvəlcədən həmin qüsurun baş verməsinin qarşısını almaqdan qat-qat çətin olur.

-Müəllim şagirdi ələ almaq üçün nələrə diqqət etməlidir?

-Müəllim pedaqoq olmaqla yanaşı, həm də müəyyən mənada bir psixoloqdur. Belə ki, müəllimlər dərs dediyi şagirdlərin psixologiyasına ən az valideynlər qədər bələd olurlar. Hər gün öz şagirdləri ilə ünsiyyətdə olan müəllim artıq hər bir şagirdinin ayrı-ayrılıqda nəyə qadir olduğunu, hansı psixologiyaya, hansı düşüncəyə malik olduğunu, müxtəlif hadisələrə necə yanaşdığını, necə reaksiya verdiyini və həmin hadisəni necə analiz etdiyini bilməlidir. Bəzən müəllimin qarşısına elə şagird də çıxır ki, belə uşaqlara çətin tərbiyə olunan şagirdlər kimi yanaşırlar. Bəzi müəllimlər məsələnin həllini həmin şagirdin şəxsiyyətini alçaltmaqda, təhqir etməkdə, qiymətini kəsməkdə görürlər ki, bu da şagirdin psixologiyasına birbaşa mənfi təsir göstərir. Belələri şagirddə özlərinə qarşı nifrət hissi yaradırlar. Buna görə də müəllim bu cür məsələlərə diqqət edilməli, hər bir şagirdin fərdi xüsusiyyətinə bələd olmalı və şagirdlərlə davranışda onların psixoloji vəziyyətlərinə uyğun olaraq hərəkət etməyi bacarmalıdır.  .

-Müəllim şagird münasibətində nələrə diqqət olunmalıdır?

-Əksər müəllim öz dərsini keçməklə öz missiyasının tamamlanmış olduğunu düşünür. Müəllim şagirdləri ilə, hər şeydən öncə, bir dost, bir sirdaş kimi münasibət qurmalıdır. Yeri gələndə həll edə bilmədiyi hər hansısa bir durumu psixoloqla məsləhətləşərək həll etməli və bu, şagirdin xeyrinə həll olunmalıdır. Əgər məktəblərdə şagird-psixoloq münasibəti normal səviyyədə qurulsa, bu, istər-istəməz şagirdlərdə sağlam psixologiyanın yaranmasına səbəb olacaqdır. Nəticədə, şagirdlər mükəmməl bilik və savada yiyələnəcəklər. Müəllim ünsiyyəti tənzim etməli, davranış və yanaşma tərzini düzgün qurmalı, şagirdin şəxsiyyətinə toxunmamalıdır.

-Çətin tərbiyə olunan uşaqlarla ( şagirdlərlə ) davranışda hansı metodlardan istifadə edirsiz?

-İlk növbədə şagirdlə fərdi söhbət aparırıq. Sonra valideyni məktəbə dəvət edərək onlarla valideyn-uşaq münasibətləri haqqında danışırıq. Məktəblini daimi nəzarətdə saxlamaq şərti ilə onu həvəsləndirici və maraqlı məktəb işlərinə qoşuruq. Müəllimlərə həmin şagirdlərlə düzgün münasibət qurub, onların gördükləri işin qarşılığı olaraq mükafatlandırmağı məsləhət bilirik.


Açar sözlər: ,  ,