15.11.2024

Eksternat imtahanlara sənəd qəbuluna start verilir

Əvvəlki illərdə ümumtəhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulu başlayıb.

Sənəd qəbulu 15 noyabr 2024-cü il tarixdən 10 dekabr 2024-cü il tarixədək həyata keçiriləcək. Eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər müvafiq sənədləri Qazax-Tovuz Regional Təhsil İdarəsinə təqdim etməlidir.

Tələb olunan sənədlər aşağıdakılardır:

1. İdarə müdirinin adına ünvanlanmış ərizə;

2. Şəxsiyyət vəsiqəsinin surəti;

3. 3x4 ölçüdə fotoşəkil (2 ədəd);

4. Əvvəllər təhsil aldığınız müəssisədən əldə etdiyiniz təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş arayış;

5. Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) notarius tərəfindən təsdiq olunmuş surəti;

6. Hərbi xidmət haqqında sənədin surəti (fərdi məlumatlar və xidmət illəri qeyd edilmiş səhifələr).

Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənin yaşı 18-dən aşağı olmamalıdır.

Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə əsas fənlərdən ibarət aralıq imtahanda iştirak edirlər. Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər.

Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarına kimi açıqlanır. İmtahanlarda uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanırlar.