Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Nərminə Hüseynova Şəmkir rayonuna səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Səfər zamanı direktor müavini sertifikatlaşdırma prosesində yüksək nəticələr göstərmiş bir qrup müəllimlə görüşüb. Görüşdə o, müəllimlərin peşəkarlığının artırılmasına yönəlmiş sertifikatlaşdırma prosesinin əhəmiyyətindən, bu istiqamətdə həyata keçirilən stimullaşdırıcı tədbirlərdən və qarşıya qoyulan məqsədlərdən danışıb. Nərminə Hüseynova müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə yanaşı, onların təhsildə keyfiyyətin artırılmasında əsas rol oynadıqlarını vurğulayıb və əldə edilən nəticələrin təqdirəlayiq olduğunu bildirib.
Daha sonra Nərminə Hüseynova Şəmkir şəhər 3 nömrəli körpələr evi–uşaq bağçasını ziyarət edib. Bağçada yaradılan şəraitlə tanış olan direktor müavini, məktəbəqədər təhsil müəssisəsində uşaqların inkişafına yönəlmiş mühitin yaradılmasının vacibliyini qeyd edib. O, həmçinin pedaqoji heyətlə fikir mübadiləsi apararaq tədris və tərbiyə prosesinin təşkili ilə bağlı fikirlərini bölüşüb.
Sonda Nərminə Hüseynova müəllimlərə və məktəbəqədər təhsil işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.