14.06.2025

Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbində "Son Zəng" tədbiri keçirilib

Respublikanın hər yerində olduğu kimi Şəmkir şəhəri Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbində də bu gün məzunlar üçün "Son Zəng" çalınıb.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, müəllimlər, şagirdlər və rayon ictimaiyyətindən nümayəndələr iştirak ediblər.

"Son Zəng" tədbirində çıxış edənlər məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

2024-2025-ci tədris ilində nailiyyətləri olan bir qrup müəllim və şagirdlərə Fəxri Fərmanlar təqdim edilib.

Məlumat üçün bildiririk ki, Şəmkir şəhəri Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinin bu ilki məzunları sırasında Vətən müharibəsi şəhidi Mətləb Zamanovun qızı Pəri Zamanova da var. Tədbir iştirakçıları onun məzunluğunu böyük qürur və ehtiramla qarşılayıblar. Tədbir iştirakçıları onu ürəkdən təbrik edib, atasının müqəddəs xatirəsini daim uca tutan, onun adına layiq bir övlad kimi formalaşmasını diləyiblər. Şəhidimizin əmanəti olan bu gənc məzunun uğurlu gələcəyinə inam ifadə olunub və ona Vətənə, xalqa, ailəsinə layiqli bir şəxsiyyət kimi yetişməsi arzu edilib.


Açar sözlər: ,  ,