1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəmkir Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə şəhid övladları, 2024-2025-ci tədris ilində müxtəlif sahələrdə yerli və beynəlxalq müsabiqələrdə fərqlənən şagirdlər, azyaşlılar və valideynləri iştirak ediblər.
Tədbirdən əvvəl şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranması tarixindən, tədbirin əhəmiyyətindən bəhs edib, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uşaqlara göstərilən hərtərəfli diqqət və qayğıdan danışıb.
İcra başçısı bildirib ki, Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.
Rəşad Tağıyev qeyd edib ki, dövlət siyasətindən yararlanaraq Şəmkir rayonunda da uşaqların təlim-tərbiyəsi, təhsili, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır: “Bugünkü tədbirimizin keçirilməsində əsas məqsəd də gələcəyimiz olan uşaqların humanizm, dostluq, həmrəylik və vətənə sevgi hissləri ilə tərbiyə olunması, onların bacarıqlarının üzə çıxarılmasıdır”.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov da çıxış edərək 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib. Bildirib ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi üçün bütün lazımi şərait yaradılmışdır.
Tədbirin bədii hissəsində rayon məktəbəqədər təhsil müəssisələrinin, ümumtəhsil məktəblərinin, uşaq yaradıcılıq mərkəzlərinin iştirakı ilə hazırlanmış ədəbi-bədi, musiqili kompozisiyalar təqdim olunub.
Sonda isə 2024-2025-ci tədris ilində təhsildə və idmanda fərqlənən şagirdlər Fəxri Fərman və Təşəkkürnamə ilə təltif ediliblər.