Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşəbbüsü, Gədəbəy rayonu üzrə təhsil sektorunun və Gədəbəy rayon uşaq-gənclər idman-şahmat məktəbinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində şahmat üzrə açıq rapid turniri keçirilib.
Turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışı Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşovla bərabər, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, Paraolimpiya çempionu, “Şöhrət” ordenli, Gəncə şəhər 1 nömrəli UGİŞM-in direktoru Ramil Qasımov, Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev, Fəxri bədən tərbiyəsi və idman xadimi, Gəncə şəhər 2 nömrəli UGİŞM-in direktoru Asif Məmmədov və Azad Həmkarlar İttifaqı Gədəbəy rayon komitəsinin sədri Zakir Orucov da yarışı izləyiblər.
Açılış mərasimində Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov çıxış edərək 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışıb, eyni zamanda belə yarışların gənclərin zehni inkişafında və vətənpərvərlik ruhunda böyüməsində böyük rol oynadığını vurğulayıb. İştirakçılara uğurlar arzulayıb.
Gərgin mübarizə şəraitində davam edən yarışın sonunda qaliblər elan edilib. Qaliblərə diplom və hədiyyələr təqdim edilib.