Mayın 27-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gədəbəy Rayon Komitəsinin dəstəyi ilə Gədəbəy rayonu üzrə təhsil müəssisələrində çalışan gənc müəllimlərlə görüş keçirilib.
Görüşdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Gədəbəy rayonu üzrə təhsil sektorunun müdiri Elməddin Zeynalzadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gədəbəy Rayon Komitəsinin sədri Zakir Orucov, eləcə də təhsil müəssisələrində çalışan gənc müəllimlər iştirak edib.
Tədbirdə idarə müdiri son illərdə ölkədə müəllimlərin fəaliyyətinin stimullaşdırılması, onların peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də müəllim nüfuzunun cəmiyyət arasında yüksəldilməsi istiqamətində atılan addımlar haqqında danışıb. O, hər il təhsil sisteminə yeni qoşulan gənc müəllimlərin sayının artmasının bu peşəyə olan inam və dəyərin göstəricisi olduğunu vurğulayıb.
"Yeni dövrün müəllimi necə olmalıdır?, "Uğurlu müəllim karyerası: ilk illərdən başlanır", "Sinifdən kənar müəllim: fərq yaradan təşəbbüslər" mövzuları ətrafında səmimi fikir mübadiləsi aparılıb.
Tədrisin keyfiyyətinin yüksəkdilməsi istiqamətində bir sıra vacib qərarlar qəbul olunub.
Görüş zamanı gənc müəllimlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, gələcək fəaliyyətlərində milli-mənəvi dəyərlərə sadiq, yaradıcı düşüncəyə malik və vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində səylərini əsirgəməyəcəklərini söyləyiblər.