Təhsil Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Yunan-Roma güləşi üzrə 2010–2012-ci il təvəllüdlü idmançılar arasında Respublika birinciliyi keçirilib. Gənc güləşçilərin iştirak etdiyi yarış Gəncə şəhər İdman Liseyində baş tutub. Yarışın əsas məqsədi məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, fiziki hazırlığı və idman bacarıqlarını artırmaq, perspektivli idmançıları müəyyənləşdirərək onların gələcək inkişafına dəstək verməkdir.
Turnirdə ölkənin müxtəlif şəhər və rayonlarından olan istedadlı yeniyetmə güləşçilər iştirak ediblər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmaların yekununda Şəmkir rayon uşaq-gənclər idman-şahmat məktəbinin yetirmələri yüksək nəticələr əldə ediblər.
Belə ki, 75 kq çəki dərəcəsində çıxış edən Sabir Rzayev I yerə layiq görülüb. 68 kq çəki dərəcəsində mübarizə aparan Məhərrəm Babayev isə II yeri tutub.
Qalib idmançılar Təhsil Respublika İdman Mərkəzinin diplom və medalları ilə təltif olunublar.
Qeyd edək ki, bu cür yarışlar ölkədə idmanın inkişafına, gənc nəslin sağlam ruhda yetişdirilməsinə və idman mədəniyyətinin genişlənməsinə mühüm töhfə verir.