Mayın 6-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov Ağstafa rayonu üzrə təhsil sektorunun inzibati binasına baxış keçirib, sektor əməkdaşları ilə tanış olub.
Sonra Ağstafa şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasında olan idarə müdiri bağçanın mövcud vəziyyəti, uşaqların qidalanma rejimi, infrastrukturu ilə yaxından tanış olub.
O, həmçinin Ağstafa şəhəri texniki və humanitar fənlər təmayüllü liseyə baş çəkərək tədris prosesi ilə yaxından tanış olub, müəssisədə şagirdlərin inkişafı, onların nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində tövsiyələrini verib.