23.04.2025

“Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib

“Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Olimpiadanın bilik yarışında Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Yeni Azərbaycan Partiyası Şəmkir şəhər təşkilatının sədri Fəxrəddin Vəliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin sədri Amin Alıyev, sektor müdirləri, təhsil işçiləri, ictimaiyyət üzvləri və şagirdlər iştirak ediblər.

Çıxış edənlər yarışın əhəmiyyətindən danışaraq təhsilalanların müsabiqə və yarışlara cəlb edilməsinin vacibliyini vurğulayıb, belə yarışların şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin üzə çıxarılmasının əhəmiyyətindən danışıb, komandalara uğurlar arzulayıblar.

Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseydə keçirilən olimpiadada regionun müxtəlif təhsil müəssisələrində təhsil alan şagirdlər maraqlı kompozisiyalarla çıxış ediblər.

Bilik yarışında hər bir yerli təhsil sektorundan 6 nəfərdən ibarət IX-XI sinif şagirdləri riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə səsləndirilən sualları cavablandırıblar.

Qeyd edək ki, "Zəkaların mübarizəsi" olimpiadası Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə təşkil etdiyi layihədir.

Məlumat üçün bildiririk ki, “Zəkaların mübarizəsi” olimpiadasının keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə, öyrənməyə təşviq etməkdən ibarətdir.

Gərgin mübarizənin sonunda Qazax rayonunu təmsil edən “Liderlər” komandası region mərhələsinin qalibi olub. Qalib komanda “Zəkaların mübarizəsi” olimpiadasının respublika mərhələsində Qazax-Tovuz Regional Təhsil İdarəsini təmsil edəcək.


Açar sözlər: ,