“Molla Nəsrəddinin əfsanəvi müdrik dərsləri” adlı Respublika müsabiqəsinin final və mükafatlandırma mərasimi keçirilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə “Molla Nəsrəddinin əfsanəvi müdrik dərsləri” adlı Respublika müsabiqəsinin final və mükafatlandırma mərasimi baş tutub. Müsabiqədə Şəmkir rayonu uşaq-gənclər inkişaf mərkəzinin 4 dərnək üzvü Faina İsmayılova, Firuzə Qəhrəmanova, Xanım Abbasova və Eldin Cəfərli fəal iştiraklarına görə sertifikat və hədiyyə ilə təltif olunublar.
10-16 yaş şagirdlər arasında keçirilən müsabiqənin məqsədi Molla Nəsrəddin lətifələrinin qeyri-maddi mədəni irsimizin hikmətli və yumoristik təhlil nümunəsi kimi tanıdılması, zəmanəsinin filosofu və müdrik şəxsiyyəti olan Molla Nəsrəddin hikmətinin bir miras kimi gələcək nəsillərə ötürülməsi, uşaqların yumor anlayışlarının, həmçinin Molla Nəsrəddin obrazının yaradılmasında şagirdlərin düşünmə və yaradıcılıq qabiliyyətlərinin, aktyor ifaçılığı bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi olub.