Qazax-Tovuz Regional Təhsil İdarəsində təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi istiqamətində yüksək nailiyyətlər əldə etdiklərinə görə təltif edilmiş bir qrup təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim olunub.
Tədbir iştirakçılarını salamlayan Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov Elm və Təhsil Nazirliyi tərəfindən təltif olunan müəllimləri təbrik edib, onlara təhsil sahəsindəki səmərəli fəaliyyətlərində, müqəddəs, şərəfli, eyni zamanda məsuliyyətli işlərində uğurlar arzulayıb.
Sonra təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə təltif olunmuş 4 nəfər təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 16 nəfər təhsil işçisinə isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edilib.
Təhsil işçiləri onların əməyinə verilən dəyərə görə təşəkkürlərini bildirib və bundan sonra da üzərlərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcəklərini söyləyiblər.