“Oyunlaşdırma metodları ilə ibtidai sinif şagirdlərinin riyazi bacarıqlarının artırılması” adlı layihənin Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində açılış tədbiri keçirilib.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin açılışında məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və "Khan Academy"nin Azərbaycan üzrə rəsmi nümayəndəsi iştirak edib.
Layihə çərçivəsində həftədə 3 dəfə olmaqla tədris saatlarında (90 dəqiqə) 6 ay boyunca davam edəcək və layihə boyunca sinifdəki bütün şagirdlər iştirak edəcəklər. "Khan Academy" platformasında geniş istifadə olunan oyunlaşdırma texnikaları ilə şagirdlər video izlədikcə, tapşırıqları yerinə yetirdikcə xallar qazanır və müxtəlif nişanlarla mükafatlandırılırlar. Bu, şagirdlər arasında sağlam rəqabət yaradır və onların öyrənmə həvəsini artırır. Layihə, oyunlaşdırma metodlarının təhsildə tətbiqi ilə şagirdlərin akademik inkişafını dəstəkləmək və innovativ tədris yanaşmalarını geniş yaymaq məqsədi daşıyır.
Məlumat üçün bildiririk ki, layihə Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi Bahar İsmayılova tərəfindən icra olunur. Layihənin məqsədi, ibtidai sinif şagirdlərini "Khan Academy" və onun oyunlaşdırma funksiyaları ilə yaxından tanış etmək və bu yolla onların riyaziyyata olan maraqlarını artırmaqdır.