05.12.2024

“Zəfər” respublika yaradıcılıq festival- müsabiqəsinin qalibləri ilə görüş keçirilib

“Zəfər” respublika yaradıcılıq festival- müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Görüşdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov, idarə əməkdaşları, məktəb direktorları, şagirdlər və valideynlər iştirak ediblər.

Anar Məcidov çıxışında müsabiqə qaliblərini təbrik edərək, müsabiqənin əhəmiyyətindən bəhs edib, son illərdə ölkəmizdə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini və onların bilik və bacarıqlarının inkişafı istiqamətində genişmiqyaslı işlərin həyata keçirildiyini vurğulayıb.

Sonda şagirdlərə Elm və Təhsil Nazirliyinin Fəxri Fərman və hədiyyələri təqdim edilib.

Qeyd edək ki, “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinin final mərhələsində 14 şagird müxtəlif istiqamətlər üzrə Qazax-Tovuz Regional Təhsil İdarəsini təmsil edib. Onlardan 5 nəfər I yerə, 1 nəfər II yerə, 2 nəfər isə III yerə layiq görülüb.

Festival-müsabiqənin keçirilməsində məqsəd milli mədəniyyət və incəsənətin təbliği, uşaqları vətənpərvərlik, adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla anmaq, Azərbaycan ordusunun Vətən müharibəsində zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gəncləri maarifləndirməkdir.


Açar sözlər: ,