Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqəsində qalib olmuş “Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi layihəsinin açılış tədbiri keçirilib.
Tədbirdə UASB rəsm komitəsinin sədri, Orta Asiya və Azərbaycan təmsilçisi, sülh rəssamı Nəvai Mətin, peşəkar rəssam, müsabiqənin münsiflər heyətinin üzvü Ehtiram Xəlilov, Ağstafa Dövlət Rəsm Qalereyasının direktor əvəzi Oruc Mansırov, Ekologiya üzrə mütəxəssis Ramilə Əhmədova, Poylu kənd tam orta məktəbin direktoru Xatirə Həsənova, təsviri incəsənət müəllimləri və xüsusi istedadlı şagirdlər iştirak ediblər.
Layihənin məqsədi orta məktəb şagirdləri arasında ətraf mühit haqqında məlumatlılığı inkişaf etdirmək, rəqəmsal və ənənəvi rəsmlər vasitəsilə yaşıl dünyaya təhsilin tərəflərinin diqqətini çəkməkdir.
Məlumat üçün bildiririk ki, 4 ay davam edəcək layihədə uşaq və yeniyetmələr iştirak edəcək. Layihə çərçivəsində ekoloji məlumatlandırma, rəqəmsal incəsənət alətlərinin təqdimatı və istifadə üsulları mövzusunda həftədə bir dəfə olmaqla təlimlər keçiriləcək.
Şagirdlər üçün 12 saatlıq təlim proqramında ekoloji maarifləndirmə və davamlılıq mövzularına diqqət yetiriləcək, seminarlar keçiriləcək və müzakirələr aparılacaq.
Qeyd edək ki, “Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi layihəsi Ağstafa rayon Poylu kənd S.Məmmədov adına tam orta məktəbin təsviri incəsənət müəllimi Həbibə Ələkbərova tərəfindən həyata keçirilir.