Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində qida bloklarının sanitar-gigiyenik vəziyyətinin yaxşılaşdırılması ilə bağlı həmin müəssisələrin işçi heyəti ilə maarifləndirici görüşlər keçirilib.
“Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya”nın “Səhiyyə Sistemi” işçi qrupunun 2024-cü il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası ilə əlaqədar keçirilən görüşlərdə bu mövzunun zəruriliyi və mahiyyətindən bəhs edilərək bildirilib ki, uşaqların sağlamlığının qorunması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu baxımdan təhsil müəssisələrinin üzərində uşaqları sağlam, ölkəmizə layiqli vətəndaş kimi yetişdirmək, cəmiyyətdə sağlam mövqe tutmasını təmin etmək kimi böyük bir missiya dayanır.
Görüşlərin sonunda müəssisə rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.