Oktyabrın 1-dən Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 2024-2025-ci tədris ili üzrə ilk məşğələlərə start verilib.
Qeyd edək ki, Ağstafa rayonu üzrə 764, Qazax rayonu üzrə 868, Şəmkir rayonu üzrə 2487, Tovuz rayonu üzrə 1659 və Gədəbəy rayonu üzrə 553 nəfər məktəbəhazırlıq qruplarında tədrisə başlayır.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.
Məlumat üçün bildiririk ki, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla, 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir.