Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş "Bir kəsə yüksələn bayraq" adlı intellektual məktəb çempionatının zona mərhələsi keçirilib.
Yarış Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şəmkir şəhər M.Füzuli adına məktəb-liseydə keçirilən zona mərhələsində Ağstafa, Qazax, Tovuz, Səmkir və Gədəbəy rayon məktəblərinin rayon (şəhər) mərhələsinin qalib komandaları və Şəmkir rayon Kimya-Biologiya təmayüllü liseyin komandası olmaqla 6 komanda iştirak edib.
Yarışın yekun nəticəsinə əsasən Qazax rayonunun "Göyəzən" komandası I, Tovuz rayonunun "Zəka" komandası II və Şəmkir rayonunun eyni adlı "Şəmkir" komandası III yerə layiq görülüblər. Qalib komandalar kubok və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, çempionatın keçirilməsinin əsas məqsədi yeniyetmə və gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək və onların müxtəlif sahələrdə dərin biliklərə sahib olmalarını dəstəkləməkdir.