Mayın 19-da ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin VI siniflərində monitorinq keçirilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin VI siniflərindən 9 000-dən çox şagird monitorinqdə iştirak edib.
İdarənin müdir müavini Nizaməddin Babanlı VI siniflər üzrə keçirilən monitorinq prosesinin gedişatını izləyib.
Monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılır.
Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.
Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.