19.03.2024

Novruz bayramı ilə əlaqədar tədbirlər keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, Novruz sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carçısıdır.

Tədbirlərdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb.

Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızın gəlişi tədbirlərə rəngarənglik qatıb.


Açar sözlər: ,