22.01.2024

2023-2024-cü tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr keçirilir

Ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr keçirilir.

Böyük summativ qiymətləndirmələr bir sıra məktəblərdə rəqəmsal formada təşkil olunur.

Böyük summativ qiymətləndirmələrin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagird nailiyyətlərini müəyyən etmək, onların bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.

Böyük summativ qiymətləndirmələrin nəticələri 100 ballıq şkala ilə ölçülür. Hər bir fənn üzrə ibtidai təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində 45-90 dəqiqə ərzində keçirilən böyük summativ qiymətləndirmə nəticəsində əldə edilmiş ballar şagirdlərin yarımillik qiymətləri hesab olunur.

Qeyd edək ki, rəqəmsal böyük summativ qiymətləndirmələr "Microsoft TEAMS" proqramı vasitəsilə aparılır.

Rəqəmsal böyük summativ qiymətləndirmələrin keçirilməsinin əsas məqsədləri təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın təmin olunması, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanlarının yaradılması, təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsi və ümumi təhsil müəssisələrində kağız israfının qarşısının alınmasından ibarətdir.


Açar sözlər: ,