19.01.2024

20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar tədbirlər təşkil edilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar tədbirlər təşkil edilib.

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə tarixə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb.

Qeyd olunub ki, 20 Yanvar hadisələri xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.

Şagirdlər 20 Yanvara həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Təhsil müəssisələrində xalqımızın milli qürur günü ilə bağlı xüsusi dərslər, kitab, foto və rəsm sərgiləri, həmçinin pedaqoji kollektiv və şagirdlərin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.


Açar sözlər: