Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 8 Noyabr-Zəfər Günü ilə əlaqədar tədbirlər keçirilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş konfranslar, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, rəsm sərgiləri, şeir müsabiqələri, intellektual və idman yarışları təşkil olunub.
Tədbirlərdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verilib. Vətən Müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açılıb. Möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, Qazax-Tovuz RTİ-nin tabeliyindəki təhsil müəssisələrində, həmçinin Vətən Müharibəsində qəhrəmanlıq göstərən müəllimlərlə,əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib.
Tədbirlərdə şagirdlər şeirlər söyləyib, mahnılar ifa edib, kompozisiyalar nümayiş etdiriblər.