24.10.2023

“Heydər Əliyev və Təhsil” adlı elmi-praktik konfrans keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ümummilli lider, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Təhsil” adlı elmi-praktik konfrans keçirilib.

Konfransda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, riyaziyyat üzrə fəlsəfə doktoru, dassent Məmməd Yusifov, ADA Universitetinin Qazax Mərkəzinin baş məsləhətçisi Yeganə Göyüşlü, Qazax Dövlət Sosial-İqtisadi kollecin qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Elvira Əfəndiyeva, Şəmkir Rayon YAP Təşkilatından və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsindən nümayəndələr və regionu əhatə edən rayonlardan ziyalılar iştirak ediblər.

Qonaqlar Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Sonra məktəblilərin əl işindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Heydər Əliyevin təhsil siyasəti ilə bağlı qısametrajlı film nümayiş etdirilib.

Konfransda açılış nitqi ilə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəşad Tağıyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin mövcud inkişafın və hərtərəfli tərəqqinin əldə olunmasındakı rolundan bəhs edib.

İcra başçısı bildirib ki, bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər addımında bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq. Milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycanda müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi deməyə əsas verir ki, ölkəmizdə bu məsələ ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir.

Ulu öndər Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafında olan misilsiz xidmətlərindən danışan Rəşad Tağıyev uğurlu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev Heydər Əliyev və Azərbaycan təhsili mövzusunda çıxış edib. İdarə müdiri istər sovet dövründə, istərsə də Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Həmçinin ulu öndərin təhsilə verdiyi dəyərlərdən danışıb. Qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Arərbaycan təhsil sahəsində sürətli inkişaf əldə edilib, orta və ali məktəblərin sayı artıb, infrastruktur yenilənib, həmçinin təhsil almağa cəlb edilənlərin sayı artıb.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxışında bildirib ki, ulu öndər gəclərə çox önəm verib, hər zaman gəncləri dəstəkləyib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Əziz Məsmalıyev qeyd edib ki, ölkəmizdə gənclər siyasəti və idmanla ilə bağlı çoxsaylı proqram və layihələr həyata keçirilib, yeni strategiya və konsepsiyalar qəbul edilib. İstedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi sahəsində əhəmiyyətli addımlar atılıb.

Daha sonra çıxış edənlər ulu öndərin həyat və fəaliyyətinə, təhsil sahəsində tarixi xidmətlərinə nəzər salıb, Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişafına olan diqqətindən danışıblar. Azərbaycan gəncliyinin sağlam yetişməsi üçün görülən işlər, eləcə də gənclərə göstərilən diqqət və qayğının göz önündə olduğunu vurğulayıblar.

 


Açar sözlər: