Avqustun 7-də Prezident İlham Əliyev Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib.
Prezident İlham Əliyev tərəfindən açılışı həyata keçirilən məktəb-lisey müasir avadanlıqlar, inventar və mebel dəstləri, videomüşhidə, yanğın əleyhinə siqnalizasiya sistemi ilə təchiz edilmiş və mərkəzləşdirilmiş istilik sistemi yaradılmışdır. Həyətyanı sahəsində ehtiyat su anbarı, qazanxana tikilmiş, müasir işıqlandırma sistemi qurulmuş, asfalt örtük və yaşıllıq zolağı salınmışdır. Məktəbin ərazisi 1,24 ha, tikinti sahəsi 3902,95 kv.m, ümumi sahəsi isə 14120,73 kv.m olmaqla məktəb binası 3 korpus və 4 mərtəbədən ibarətdir.
Məktəb binasında 65 sinif otağı, 2 kimya laboratoriyası otağı, 2 fizika laboratoriyası otağı, 2 biologiya laboratoriyası otağı, 4 informatika kabineti, 1 hərbi hazırlıq kabineti, 2 məktəbəhazırlıq kabineti, 2 texnologiya otağı, 1 STEAM (kompüter otağı) otağı, 1 idman zalı (546 kv.m), voleybol meydançası (650 kv.m), futbol meydançası (680 kv.m), akt zalı (504 yerlik) və yeməkxana (280 yerlik) fəaliyyət göstərir.
Şəmkir şəhər Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-lisey 1600 yerlikdir və bu uşaqların təlim-tərbiyyəsi ilə 101 nəfər pedaqoji heyət məşğul olur.