07.06.2023

Respublika fənn olimpiadalarının qalibləri ilə görüş təşkil edilib

İyunun 6-da Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Respublika fənn olimpiadalarının qalibləri ilə görüş təşkil edilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonları üzrə təhsil sektorlarının müdirləri, Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonları üzrə komitə sədrləri, məktəb direktorları, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev region üzrə olimpiada iştirakçıları ilə bağlı məlumat verib. Olimpiada nəticələrinin ildən-ilə yaxşılaşdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlı çıxış edərək olimpiada qaliblərini təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb. Daha sonra Respublika fənn olimpiadalarında qızıl, gümüş və bürünc medal qazanan 12 nəfər şagirdə, onların müəllimlərinə və final mərhələsində iştirak edən 16 nəfər şagirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin Fəxri Fərman, Təşəkkürnamə və hədiyyələri tədqim edilib.

Tədbir məktəblilərin ifasında konsert proqramı ilə davam edib.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

 


Açar sözlər: ,  ,