“Peşəkar İdarəçi” (Pİ) müsabiqəsinə elektron müraciətlərin qəbulu başa çatıb.
Müsabiqədə iştirak üçün Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 197 nəfər namizəd müraciət edib.
Onlardan 190 nəfər müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanıb. Bu mərhələdə namizədlərin tənqidi oxu bacarığı, əmək və təhsil qanunvericiliyi üzrə bilikləri, məntiqi təfəkkürü yoxlanılacaq. Test imtahanının iyun ayında keçirilməsi nəzərdə tutulur.
Test imtahanı mərhələsində müvafiq keçid balını (iştirakçı sayı və nəticələrə nisbətdə müəyyənləşdiriləcək) toplamış namizədlərin nəzəri və praktiki bilikləri (tədrisin təşkili və keyfiyyəti, məzmun və qiymətləndirmə, kadr məsələləri, maliyyə-təsərrüfat məsələləri, hüquqi biliklər) yazı işi (esse) mərhələsində yoxlanılacaq.
Yazılı imtahan mərhələsində uğur qazanmış şəxslər təlimlərə cəlb olunacaq. Təlimlər başa çatdıqdan sonra təcrübəkeçmə dövrü başlayacaq.
Namizədlərin esse mərhələsində əldə etdiyi nəticələrə, həmçinin bilik-bacarıq və kompetensiyalarına uyğun olaraq təcrübəkeçmə mərhələsində iştirakı təmin olunacaq.
Təcrübəkeçmə mərhələsində namizədlər kuratorlar təhkim olunmaqla 4 modul üzrə təcrübə keçəcəklər:
I modul: Kadr inzibatçılığı;
II modul: Maliyyə-təsərrüfat məsələləri;
III modul: Tədrisin təşkili və idarə olunması;
IV modul: Tədrisin keyfiyyəti və qiymətləndirilməsi.
Müsabiqənin məqsədi:
Yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrların aşkar olunması;
Karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək;
Təhsil sahəsində idaraetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etmək;
Elm və təhsil sahəsində çalışan potensiallı əməkdaşlardan ibarət “Təhsilin kadr bankı”nı formalaşdırmaq.