13.04.2023

Şagird sayı 500-dək olan məktəblərə direktor vəzifəsi üzrə test imtahanlarına başlanılır

 

Aprelin 15-də şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq üçün müraciət edən namizədlər üçün test imtahanı keçiriləcək. Bu barədə namizədlərin əlaqə nömrələrinə mesaj göndərilib. İmtahan Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbin binasında keçiriləcək. İmtahan saat 11:00-da başlayacaq.

Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim ediləcək. Test imtahanı nəticələri təhlil edildikdən sonra keçid balı müəyyənləşdiriləcək.

Qeyd edək ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul üzrə sənəd qəbulu prosesində 169 namizəd iştirak edib.

Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul isə müsabiqə (test və müsahibə) yolu ilə yerli təhsili idarəetmə orqanları tərəfindən həyata keçirilir.


Açar sözlər: ,