Aprelin 3-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində Aprel zəfərinin yeddinci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.
Tədbirlərdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının, eləcə də aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. 2016-cı il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatı keçirməsi və düşməni ağır məğlubiyyətə uğratması barədə şagirdlərə geniş məlumat verilib.
Qeyd edilib ki, Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində "Böyük qayıdış" prosesinə start verilməsi olub. Bildirilib ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib. Bunun nəticəsində xalqımız 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad edərək şanlı qələbəmizin qazanılmasına nail olub.
Tədbirlərdə Aprel döyüşlərində ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs olunan videoçarxlar da nümayiş etdirilib.