Ağstafa, Qazax və Şəmkir rayon ümumi təhsil müəssisələrinin iştirakı ilə “Sərhədçi” hərbi-idman oyunlarının rayon mərhələsi keçirilib.
Hərbi idman oyunlarının əsas məqsədi gənc nəsli Vətənə, dövlət atributlarına, dövlət sərhədinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaq, həmçinin məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərməkdən ibarətdir.
Yarışda iştirak edən gənclər sıra hazırlığı, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülüb-yığılması, sərhəd pozucusunun yaxalanması və təxliyyəsi, hədəfə atəş açılması, yaralanmış sərhəd naryadının üzvünə ilk tibbi yardımın göstərilməsi və digər meyarlar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Yarışın rayon mərhələsində Ağstafa Böyük Kəsin kənd A.Yusifli adına tam orta məktəbin komandası, Qazax rayon Daş Salahlı kənd Ş.Cəbiyev adına 2 nömrəli tam orta məktəbin komandası və Şəmkir rayon Dəllər Cırdaxan kənd S.Əmirov adına tam orta məktəbin komandası I yerə layiq görülərək zona mərhələsində iştirak etmək hüququ qazanıb.