Fevralın 24-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində dərslər Xocalı soyqırımına həsr edilib.
Xüsusi dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından, soyqırımı törədənlərin vəhşi və qeyri-insani xislətindən bəhs ediblər.
Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. Şagirdlər Vətənə, topağa aid şeirlər səsləndirib və hazırladıqları fotostendləri, guşələri nümayiş etdiriblər.