Oktyabrın 18-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbirlər keçirilib.
Belə ki, müstəqilliyin bərpasının 31-ci ildönümünə həsr olunan “Dəyirmi masa”lar, “açıq dərs”lər, intellektual oyunlar, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.
Tədbirlərdə 18 oktyabr tarixinin Azərbaycanın ən şərəfli səhifələrindən biri olduğu, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Tədbirlərdə müstəqillik tariximizdən bəhs edən videoçarxlar nümayiş etdirilib.