Sentyabrın 7-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
Konfransda Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin sektor müdiri Fuad Qarayev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonunda çalışan təhsil işçiləri iştirak ediblər.
Tədbirdən öncə qonaqlar ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində olan abidəsi önünə gül dəstələri düzüblər.
Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev konfransı açıq elan edərək tədbir iştirakçılarını salamlayıb. Təhsil işçilərinə uğurlar arzu edib.
Sonra Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin sektor müdiri Fuad Qarayev çıxış edərək ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb, sertifikasiya, ümumi təhsilin təşkili, idarə olunması və digər məsələlər barədə məlumat verib. Yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub, təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.
Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib və təhsil işçilərinin sualları cavablandırılıb.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.