Uşaqların qəbulu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçiriləcək. Belə ki, valideynlər sistem üzərində qeyd edilən tarix və saatdan etibarən elektron kabinet yaratmaq imkanı əldə edəcəklər.
Elektron ərizənin qeydiyyatı valideyn (qanuni nümayəndə) tərəfindən aparılır. Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.
Qeyd edək ki, elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.
Qeydiyyat ilə bağlı zəruri ehtiyac yarandıqda (qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan) valideyn müvafiq məktəbəqədər təhsil müəssisəsinə və ərazi üzrə alternativ qeydiyyat mərkəzinə müraciət edə bilər.