Azərbaycan-Türkiyə -“Bir millət, iki dövlət“ deyimi ilə bütünləşən qardaşlıq hekayəsi... Qardaş sözünün ən gözəl məna ilə büründüyü başqa belə iki ölkə varmı dünyada? Bu qardaşlıq sözdən də ötə olub, yaşanan ortaq tale, tarix, bağlılıqdır. Eyni kök üzərində böyüyən bu çinarın budaqları yaşadığımız bütün bölgələrə uzanmaqdadır.
“Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir... Azərbaycana kömək etmək bizim borcumuzdur” deyib zamanında böyük Atatürk. Nuru Paşanın Bakını azad etməsi, işğaldan qurtarmasıilə başlayan bu yardımlaşma bir əsr sonra da davam edib. Dövlət müstəqilliyini bərpa edən Azırbaycan ordusunu qardaş ölkənin yaxından dəstəyi ilə qurub, formalaşdırıb.
Azərbaycanın möhtəşəm qələbəsi ilə taclanan, 30 ildir işğal altında olan tarixi torpaqlarımızın təcavüzkarlardan azad olunması ilə bitən Vətən müharibəsində də Türkiyə tam anlamı ilə bizimlə birlikdə oldu, bir an belə qardaşlıq, mənəvi, siyasi köməyini əsirgəmədi. El-obamızda belə bir adət var-birinin xoş günündə də, dar günündə də sevənləri, yaxınları onu tez-tez ziyarət edir, dəstəklərini nümayiş etdirirlər. Həm Vətən müharibəsi ərəfəsində, həm də şərəf tariximizə böyük hərflərlə yazılan həmin 44 gün ərzində Türkiyədən Azərbaycana dəfələrlə rəsmi dövlət nümayəndələri gəldi, prezident Ərdoğan ən mötəbər kürsülərdə, keçirdiyi bütün görüşlərdə dünyaya daima qardaşlarının yanında olacağı mesajını verdi, dünyanı ədalətli olmağa səslədi. Prezidentimiz cənab İlham Əliyev də şanlı qələbəmizdən sonra yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Türkiyənin Azərbaycan üçün nə anlama gəldiyini bu sözlərlə ifadə etdi: ”Əziz qardaşım, hörmətli prezident Ərdoğanın açıqlamalarında dediyi“Azərbaycan yalnız deyildir, Türkiyə Azərbaycanın yanındadır” sözləri bir çoxları üçün mesaj oldu, siqnal oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. Türkiyənin müdafiə naziri Hülusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dayaq oldular. Bu bizə həm siyasi, həm də mənəvi güc verdi.”
Lakin siyasi və mənəvi dəstəkdən başqa 44 gün sürən “Dəmir yumruq” əməliyyatı zamanı Azərbaycan bayrağının Qarabağ səmasında dalğalanmasına vasitə olan Türkiyə Bayraktarları də qəhrəman əsgərlərmizə dəstək oldu, töhfə verdi...
“Türkiyə savaş günlərində olduğu kimi bundan sonra da Azərbaycanın yanında olacaq”-bu fikri isə Türkiyə rəsmiləri Zəfərdən sonra səsləndirdilər. Demək ki, Azərbaycanın müstəqilliyi kimi, qardaşlığımız da əbədidir, dönməzdir, sarsılmazdır!”
Şəmkir rayon Bəhlul Rüstəmov adına Dəllər-Cəyir kənd orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllim Əhmədov Elşən Nəsib oğlu.