19.03.2021

MƏNİM MÜZƏFFƏR ORDUM!

44 günlük Vətən Müharibəsində Azərbaycan üç əsrin qələbəsini qazanaraq dünya hərb tarixinə yeni səhifə yazaraq işğalçı Ermənistanın kapitulyasiyasına nail oldu. Zəfərli Vətən Müharibəsində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı hərbi məğlubiyyətlə barışmağa məcbur etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi bütün dünyaya səs salan hərbi qələbəmiz xalq-ordu-dövlət birliyi, Azərbaycan Ordusu, əsgərinin gerçək şücaəti, qüdrəti nəticəsində mümkün oldu. Digər bütün amillər bundan sonra gəlir və bundan törəmədir. Azərbaycan Ordusunun tarixi zəfəri işğalçı Ermənistan və onun havadarlarının üç əsrlik işğalçı planlarını puça çıxardı.

Müzəffər Azərbaycan Ordusu, onun qalib Ali Baş Komandanının parlaq bir qalibiyyəti dünyanın hərb salnaməsi tarixində parlaq bir səhifə oldu. Azərbaycan Ordusu yüksək hərbi məharət, ustalıq və strategiya ilə düşmənin 30 il ərzində qurduğu, möhkəmləndirdiyi istehkamları, müdafiə xəttini, cəbhəxanasını, hərbi potensialını darmadağın etdi. Ordumuz əsgər səviyyəsində şücaət, zabit, komandanlıq səviyyəsində yüksək hərbi məharət göstərərək, ən yeni silah və sursatları mürəkkəb hərbi əməliyyatlar teatrında bacarıqla necə istifadə oluna biləcəyini nümayiş etdirdi. Azərbaycanın 5-cı nəsil hərbi texnikadan istifadə etməsi, yeni taktiki bacarıqlar nümayiş etdirməsi, xüsusi təyinatlı qüvvələrin istifadəsi ilə bağlı yeniliklər bütün dünyanı heyrətləndirdi. 44 günlük müharibə müasir hərb konsepsiyasına çox mühüm düzəlişlər etməklə Azərbaycan Ordusunun və onun Ali Baş Komandanı, generallarının yüksək hərbi məharət və səriştəsini göstərdi. Xüsusən əsgər və zabitlərimizin fərdi şücaəti xalqımızın cəsurluq, vətənə, dövlətə sədaqət analayışlarını açıq-aydın nümayiş etdirdi. Hər kəs, dost, düşmən də gördü ki, Azərbaycan xalqı mərd xalqdır, Azərbaycan əsgəri aman diləyəni basmaz, dinc əhaliyə zərbə vurmaz, öz qəhrəman əcdadlarının irsinə, adətinə uyğun olaraq müharibə qanunlarına sadiqdir.

Noyabrın 8-də Qarabağın ürəyi hesab edilən Şuşanın azad edilməsi Azərbaycan Ordusu, Azərbaycan əsgərinin cəsurluğunu məharətini bir daha sübut etdi. Ordumuz, onun Ali Baş Komandanı İlham Əliyev əsrlər boyu müzakirə ediləcək hərbi uğura imza atdı. Ali Baş Komandan bu qələbənin müjdəsini əvvəldən vermişdi və müharibə dönəmində deyirdi ki, “Şuşasız bizim işimiz yarımçıq olar...” Şuşa şəhəri xüsusi qəhrəmanlıq və taktika ilə alındı. Ali Baş Komandan çıxışlarının birində ordu quruculuğu haqqında qeyd etmişdir ki, “Mənim fəaliyyətimdə ordu quruculuğu həmişə öndədir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa onu da edəcəyik. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir”.

44 günlük müharibə göstərdi ki, Azərbaycan Ordusu Konstitusiya ilə onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyə hazır və qabildir. Bu qəhrəman Ordu Ümummili Lider Heydər Əliyev və onun layiqli davamçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən strategiyası, məqsədyönülü fəaliyyətinin nəticəsində böyüdü, gücləndi, Cənub Qafqazın ən qüdrətli ordusuna çevrildi. Həmçinin dünya miqyasında potensialına görə fərqləndirilən ordular sırsında yer aldı. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, zamanında və məqsədli şəkildə ölkə rəhbərliyinin atdığı addımlar zəruri tarixi şərait yetişən kimi güclü orduya sahib olmağımıza və tarixi qələbələrimizə imkan yaratdı. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti ugurla davam etdirərək Azərbaycanı addım-addım Qələbəyə doğru apardı. Azərbaycan Respublikası Prezidentinin Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz Qələbə dastanı yazdı. Azərbaycan torpaqlarının azad olunması ilə bağlı hərbi əməliyata verilən “Dəmir yumruq” Prezident-Xalq-Ordu birliyinin simvoludur. Bu birlik sayəsində tarixi ədalət bərpa edilidi, 30 ilə yaxin düşmən işğalında qalan torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa edildi.

Tarixi qələbədən sonra Zəfər paradında Prezidentin səsləndirdiyi şüar bir daha qalib Azərbaycanın dünyaya mesajı oldu: ““Qarabağ Azərbaycandır və nida işarəsi”.

Artıq bü şüar rəşadətli Azərbaycan Ordusu, onun Ali Baş Komandanının qətiyyəti ilə səsləşir və onun rəmzinə çevrilib.

Yaşasın qalib Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan!

R.Əliyev adına kənd tam orta məktəbin direktoru Elza Hüseynova