Nizami Gəncəvi adına tam orta məktəbin ərazisində Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsi texnikalarının və xilasetmə avadanlıqlarının baxış təlimi keçirilib.
Maarifləndirmə məqsədilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, Fövqəladə Hallar Komissiyasının üzvləri, idarə, müəssisə və təşkilatların işçiləri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğın avtomobilləri və avadanlıqları, xilasetmə vasitələri, onların təyinatı, yanğından mühafizə hissəsinin gündəlik iş fəaliyyəti barədə məlumat verib.
Şərti həyəcan siqnalından sonra yanğın texnikaları və xilasetmə avadanlıqları nümayiş etdirilib. Keçirilən baxış-təlimin gedişatı boyunca yanğınsöndürmə avtomobillərinin və vasitələrinin təyinatı, onların tətbiq olunma qaydaları haqqında məlumat verilib, ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsi, fövqəladə hallar zamanı insanların təxliyə olunması nümayiş etdirilib.
Məktəbliləri eləcə də müəllimləri maraqlandıran suallar cavablandırılıb. Onlara yanğın zamanı təxliyə olunma və ilkin qabaqlayıcı tədbirlərin görülməsi izah olunub.