Yeni tədris ilində Şəmkir rayonu üzrə ümumi təhsil müəssisələrində ümumilikdə 34 026 şagirdin təhsil alacağı proqnozlaşdırılır. 3 850 şagird isə birinci sinifdə təhsil alacaq.
Təhsil Nazirliyi sisteminə daxil olan Şəmkir rayonu üzrə ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 108 nəfər müəllim adını qazanaraq işə qəbul olub. 47 müəllim yerdəyişmə müsabiqəsində iştirak edərək Şəmkir rayonunu seçib. Ümumillikdə 157 müəllim ilk dəfə olaraq fəaliyyətini Şəmkir rayonunda davam etdirəcək.
Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin təmir və tikintisi davam etdirilir. Hazırda rayonumuzun 1 məktəb binasında əsaslı təmir-bərpa işləri aparılır. Yeni tədris ilində Talış kənd ümumi orta məktəbdə 86 yerlik modul tipli məktəb istifadəyə veriləcək.
Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq.