15.08.2018

"Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə I Şəmkir Çempionatı” adlı layihənin ilk mərhələsi başa çatıb.

Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Çempionat Vətən torpaqlarımızın bütövlüyü uğurunda canından keçmiş Şəhidlərimizin xatirəsinə həsr olunub.

Layihənin keçirilməsində əsas məqsəd şəhid soydaşlarımızın cəmiyyətdə tanıdılması, onların xatirələrinin hər zaman uca tutulmasına nail olmaq, onlar kimi gələcəkdə vətənə canı ilə bağlı olan şəxsiyyətlərin yetişmələrinə töhfə vermək, eyni zamanda gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılmasına nail olmaqdır.

 Layihə ümumilikdə 3 mərhələdən ibarətdır. İlk mərhələdə Şəmkir rayonunda yerləşən 14 tam orta məktəbi əhatə edən “Nə? Harada? Nə zaman?” adlı intellektual yarışma həyata keçirilib. İlk mərhələdə qalib olmuş komandalar arasında layihənin ikinci turu çərçivəsində yarım final yarışları keçiriləcəkdir. Layihənin son, yekun mərhələsi çərçivəsində ən güclü 6 komanda final yarışının intellektual savaşında güclərini sınayacaqlar.

Layihənin ilk mərhələsi şagirdlərin yay tətili zamanı həyata keçirilib. Bu da onların istirahət günlərində boş vaxtlarını səmərəli keçilmələrinə şərait yaratmaqla bərabər, intellektual oyunlara olan maraqlarının artırılmalarına dəstək olub. Ümumilikdə  yarışda 14 məktəbdən (bunlardan 10-nu kənd məktəbi), 440 şagird iştirak edib. Çempionatda iştirak etmiş hər bir şagirdə fərdi iştirakçı sertifikatı təqdim olunub.

Layihənin növbəti ikinci turu çərçivəsində məktəblər üzrə qalib gəlmiş komandalar 17 və 18 avqust 2018-ci il tarixində Şəmkir şəhərində, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində yarımfinalda yarışacaqlar.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Şəmkirdə həyata keçirilən “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə I Şəmkir Çempionatı meqa layihəsinin tərəfdaşları “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi və Azərbaycan İntellektual Oyunlar Klubudur.


Açar sözlər: ,