25.06.2018

"Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə I Şəmkir Çempionatı” adlı layihə müsabiqəsinə start verilib

"Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə I Şəmkir Çempionatı” adlı layihə müsabiqəsinə start verilib.

Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihənin keçirilməsində əsas məqsəd şəhid soydaşlarımızın cəmiyyətdə tanıdılması, onların xatirələrinin hər zaman uca tutulmasına nail olmaq, onlar kimi gələcəkdə vətənə canı ilə bağlı olan şəxsiyyətlərin yetişmələrinə töhfə vermək, eyni zamanda gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılmasına nail olmaqdır.

Layihə çərçivəsində açılış mərasimi Qasım İsmayılov kənd Sahib Əliyev adına tam orta məktəbdə baş tutub. Açılış mərasimində səhnəciklər göstərilib. Hər turun ardından şagirdlərin ifasında şeir və musiqi səsləndirilib.

Məktəb komandaları arasında ilk yarış İrmaşlı kənd 1 saylı tam orta məktəbdə keçirilib. Qalib komanda rayon mərhələsinə vəsiqə qazanıb.

İyunun 27-də növbəti yarış Şiştəpə kənd tam orta məktəbdə baş tutub. Yarışda 1 komandada 6 nəfər olmaqla 5 komanda iştirak edib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Gərgin mübarizə şəraitində keçən yarışmada birinci yeri “Zirvə” komandası qazanıb.

Qeyd edək ki, layihə çərçivəsində Şəmkir rayonunda yerləşən 14 tam orta məktəbdə “Nə? Harada? Nə zaman?” adlı intellektual yarışmalar keçiriləcəkdir.“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi və Azərbaycan İntellektual Oyunlar Klubu layihənin əsas tərəfdaşlarıdır.


Açar sözlər: ,