Aprelin 19-da Gənc Müəllimlər Birliyi (GMB) Xanallar kənd tam orta məktəbinin müəllim və şagirdlərilə görüş təşkil ediblər.
Əvvəlcə məktəbin akt zalında şagidlərlə görüşülüb. Görüşdə şagirdlərə “Məktəbin Uğuru” layihəsi haqqında məlumat verilib. Məktəblilərin arasından rəsm, musiqi, aktyorluq və rəqs sahəsində xüsusi istedadı olanların ad və soyadları, həmçinin əlaqə vasitələri əldə olunub. Məqsəd gələcəkdə həmin uşaqların inkişafı istiqamətində müəyyən tədbirlərin təşkil edilməsi və onların həmin tədbirlərə cəlb olunmasını təmin etməkdir.
Şagirdlərlə görüşdən sonra GMB üzvləri məktəbin məktəbəhazırlıq qrupunun dərsində dinləyici qismində iştirak ediblər. Dərs dinləmələrin məqsədi, müəllimlərin məşğələlər zamanı qarşılaşdıqları çətinliklərin aşkarlanması və bu çətinliklərin aradan qaldırılması üçün onlara metodiki dəstəyin göstərilməsidir. Dərsin sonunda GMB üzvləri dərsin gedişatına münasibət bildirərək öz tövsiyələrini veriblər.
Son olaraq məktəbin gənc müəllimlərilə dəyirmi masa arxasında fikir mübadiləsi aparılıb. Müəllimlərə gənc müəllimlərin fəaliyyəti, əhatə dairəsi, gördükləri iş, onlara verilən səlahiyyət və imkanlar haqqında məlumat verilib. İclasın sonunda müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə əldə etmiş məktəbin riyaziyyat və kimya müəllimləri Zülfiyyə Nərimanova və Əsli Qasımlı GMB-ə üzv seçiliblər.
Qeyd edək ki, bu cür görüşlərin GMB tərəfindən rayon və ucqar kənd məktəblərində mütəmadi olaraq keçiriliməsi nəzərdə tutulub. Məqsəd istedadlı, bacarıqlı, öz ağlı və biliyi hesabına uğur əldə etmiş gənc müəllimlərimizə özlərini tanıtmaq, bacarıqlarını paylaşmaq imkanı qazandırmaqla təhsil sahəsində olan bilik və təcrübələrinin inkişaf etdirilməsinə birlikdə nail olmaqdır.