04.04.2018

Aprel şəhidi Təbriz Əsgərov məzun olduğu məktəbdə anılıb

Aprelin 4-də Nizami Gəncəvi adına tam orta məktəbdə məktəbin məzunu, aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş Təbriz Əsgərovun xatirəsi ehtiramla anılıb. Tədbir məktəbin tarix müəllimi Türkan Xəlilova tərəfindən təşkil olunub. Tədbirdə Gənc Müəllimlər və Gənc Tərbiyəçilər Birliyinin üzvləri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirin giriş hissəsində aprel döyüşləri zamanı şəhid olmuş hərbiçilərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra giriş nitqi ilə çıxış edən tədbirin təşkilatçısı Türkan Xəlilova, Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı tarixi qələbədən danışaraq bildirib ki, bu qələbə nəticəsində bütün dünya ordumuzun gücünü, qüdrətini hiss etdi. Ermənistan müharibə başlayacağı zaman onun necə bir güclü ordu ilə qarşılaşacağını dərk etdi.

Sonra məktəbin tarix müəllimi Nəriman Əhmədov aprel döyüşləri zamanı düşməndən geri qaytarılan torpaqları xəritədə göstərərək döyüşlərin gedişatı haqqında iştirakçılara ətraflı məlumat verib. Döyüşlərdə Azərbaycan Ordusunun göstərdiyi rəşadətdən danışaraq həmin vuruşmalarda canından keçmiş Şəmkirdən olan şəhidlər də tək-tək xatırladılıb.

Tədbirdə məktəblilərin ifasında vətənə, şəhidlərə həsr olunan şeir nümunələri dinlənilib, şəhid Təbriz Əsgərovun xatirə şəkillərindən ibarət video-çarx izlənilib.

Qeyd edək ki, Təbriz Əsgərov 2016-cı ilin aprel ayında cəbhənin təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.


Açar sözlər: ,