Martın 30-da Şəmkir Gənc Müəllimlər Birliyi və Şəmkir Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə dünyada minlərlə insanın fikir platforması olan TED layihəsi formatında “Müəllim təcrübəsini paylaşır” adı altında layihənin ilk görüşü keçirilib.
Layihənin əsas məqsədi istedadlı, bacarıqlı, öz ağlı və biliyi hesabına uğur əldə etmiş gənc müəllimlərimizə özlərini tanıtmaq, bacarıqlarını paylaşmaq imkanı qazandırmaqla təhsil sahəsində olan bilik və təcrübələrinin inkişaf etdirilməsinə nail olmaqdır.
Layihə çərçivəsində rayonun gənc bacarıqlı və istedadlı müəllimləri öz təcrübələrini həmkarları ilə paylaşıblar. Müzakirə mövzuları sırasına müəllim və şagird münasibətləri, onların cəmiyyətdəki rolu, şagirdin uğur qazanmasında müəllimin əsas funksiyası və müasir dövrün müəllim modeli daxil edilib. Müzakirələrdə tamaşaçılar fəal iştirak edərək, söylənilən fikirlərə münasibət bildiriblər.
Qeyd edək ki, TED layihəsi formatında həyata keçirilən tədbirlər ayda azı 1 dəfə olmaqla əvvəlcədən planlaşdırılmış vaxta təşkil ediləcək.