Martın 15-də Şəmkir rayonunun ümumtəhsil məktəblərinin X-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup “Ölkəmizi tanıyaq” adı altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələyə yola salınıb.
Prezident İlham Əliyevin tövsiyəsi ilə reallaşan bu layihə məktəblilər, valideynlər və rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanıb.
Yolasalma mərasimində rayon icra hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, valideynlər və məktəblilər çıxış edərək, layihənin dövlətimizin başçısının gənc nəslə diqqət və qayğısının bariz nümunəsi olduğunu söyləyiblər. Vurğulanıb ki, tur-aksiyanın yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların istirahətinin səmərəli və mənalı təşkilində xüsusi əhəmiyyəti var.
Tərkibində 5 nəzarətçinin olduğu qrup 4 gün müddətində Respublikamızın rayonları ilə yaxından tanış olacaq, tarixi, mədəni abidələr haqqında geniş məlumat əldə edəcəklər.
Mərasimin sonunda tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobuslara əyləşərək yola düşüblər.