Yanvarın 22-də rayon mərkəzindən təxminən 46 km məsafədə, dəniz səviyyəsindən 1300 m yüksəklikdə yerləşən Nərimanlı kəndində məktəblilər üçün kitabxana yaradılıb.
Kitabxana rayonun gənc müəllimlərinin “Ordu torpaqları, kitab könülləri fəth edər” şüarı altında bir ay öncədən başladılmış kitab toplama kompaniyasından əldə olunan kitablar hesabına qurulub. Kompaniyada Şəmkir rayonunun fəal gənclər və müəllimləri aktiv iştirak edərək kiçik kitabxana üçün dünya və yerli yazıçıların kitablarından ibarət kitablar təqdim ediblər.
Gənclərin ucqar kənddə kitabxana yaratmaqda məqsədləri məktəbliləri maarifləndirmək, onlarda kitab oxumağa həvəs oyatmaq və asudə vaxtlarını səmərəli keçirməyə imkan yaratmaqdır.
Qeyd edək ki, Nərimanlı kəndində təxminən 96 ailə, 500-ə yaxın insan yaşayır. Şəbəkəyə çıxışın zəif olduğu kənddə uşaqlar daha çox əyani vəsaitlərdən faydalana bilirlər. Gənclər uşaqlarımızın kitab sevgilərini və uzaqda yerləşdikləri üçün yol çətinliklərini nəzərə alaraq onlar üçün hədiyyə olaraq kiçik kitabxana yaradıblar.